1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.